Münasibətlərdə yeni səhifələr açılır

img

Bu günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. 


Tarixi zəfərlərimizdən sonra digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də uğurlarımız davamlılığı ilə diqqətdədir. Bu amil ayrı-ayrı dövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında özünü daha aydın nümayiş etdirir. Cənab İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında səsləndirdiyi fikirlər, etdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda tarixi zəfərlərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası məsələlərinə xüsusi diqqət göstərib. Bu reallıq diqqətə çatdırılıb ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.  Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etdi.  ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır. İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi. Çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə son nöqtə ötən ilin sentyabr ayında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Azərbaycan hazırda yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi nüfuz qazanır. Tarixi zəfərlərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsi təklifi etdi. Həmin təklif özündə beynəlxalq hüuqun 5 əsas prinsipini ehtiva edir. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif məkanlarda və tərkibdə görüşlər keçirilib. Cənab İlham Əliyev sözügedən çıxışında sülh müqaviləsinin imzalanması istiqamətində göstərilən səylərə, əldə olunan nəticələrə xüsusi diqqət yönəltdi. Bir daha bildirdi ki,  Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının özü belə düzgün istiqamətdə atılan addımdır. Azərbaycanın möhkəm təmələ, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim davamlı uğurlara yol açır. Bu gün ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı da özündə mühüm məqamları açıqlayır. Bu baxımdan ki, bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan-İtaliya münasibətlərində qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi əlaqələrin inkişafına əhəmiyyətli təsir edir. Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Cənab İlham Əliyev çıxışında qeyd etdi ki,  uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Müntəzəm siyasi təmaslarımız var. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığın vacib hissəsidir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Həmin ölkələrdən 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.


Nihad Pənahov

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: