Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Əfqanıstanda qida çatışmazlığı getdikcə ağırlaşan böhrana çevrilib və beş yaşdan kiçik 2,9 milyon uşaq ciddi qida çatışmazlığı ilə üzləşib.
Rezonans.az “Khaama Press” agentliyinə istinadla xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, bu uşaqların 850 mini kəskin qida çatışmazlığından əziyyət çəkir. O vurğulayıb ki, Əfqanıstan əhalisinin üçdə biri daşqınlar və quraqlıqlar nəticəsində daha da şiddətlənən ərzaq çatışmazlığı olan ərazilərdə yaşayır.
ÜST-nin səhiyyə işçiləri Əfqanıstandakı 140 sağlamlıq mərkəzində kəskin qida çatışmazlığı olan 21 min uşağa kömək ediblər. Bununla belə, göstərilən tibbi xidmət yetərli deyil və bu uşaqların əlavə dəstəyə ehtiyacı var.
Bundan əvvəl ÜST Əfqanıstanın beş şimal əyalətindəki tibb mərkəzlərinə 20 tona yaxın dərman və tibbi ləvazimatların tədarükü barədə elan edib. Bu tədarükə pnevmoniya, qızılca və vəbanın müalicəsi üçün dəstlər, həmçinin cərrahi və sarğı dəstləri daxildir.
Əfqanıstandakı vəziyyət təcili qlobal müdaxilə tələb edən ciddi humanitar böhrandır, - deyə “Khaama Press” yazır.
Əfqan uşaqları arasında qida çatışmazlığının miqyası həm səhiyyə, həm də ərzaq təhlükəsizliyi sahəsində təcili beynəlxalq yardıma ehtiyac olduğunu göstərir. Dünya birliyi Əfqanıstanda milyonlarla insana hərtərəfli dəstək göstərmək üçün bir araya gəlməlidir.