1918-ci il 15 sentyabr: Bakının azad edilməsi və tarixi əhəmiyyəti

img

1918-ci ilin 15 sentyabrı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir tarixdir. Bu gün Azərbaycan və Türkiyə əsgərləri Bakını erməni-bolşevik qüvvələrinin işğalından azad edərək ölkəmizin müstəqillik mübarizəsində mühüm bir qələbə qazandılar. Həmin gün Bakının azad edilməsi ilə həm Azərbaycanın suverenliyi möhkəmləndirildi, həm də Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklər baş verdi.


Birinci Dünya müharibəsi dövründə Rusiyanın zəifləməsi və ölkədə baş verən inqilablar nəticəsində Cənubi Qafqazda siyasi və hərbi boşluq yarandı. 1918-ci ilin mart ayında erməni və bolşevik qüvvələri Bakı şəhərində böyük bir soyqırım törədərək minlərlə azərbaycanlını qətlə yetirdilər. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yeni qurulmuşdu və onun paytaxtı Gəncə idi. Lakin Bakı həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyət daşıdığı üçün şəhərin azad edilməsi vacib idi.


Azərbaycan hökuməti Osmanlı dövləti ilə hərbi əməkdaşlığa gedərək Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun dəstəyini aldı. Bu qüvvələr birləşərək sentyabrın 15-də Bakı şəhərini bolşevik-daşnak rejimindən azad etdilər. Bu tarixi qələbə yalnız hərbi baxımdan deyil, həm də mənəvi cəhətdən böyük əhəmiyyətə malik idi. Bakı xalqı bu hadisəni böyük coşqu ilə qarşıladı və azərbaycanlılar üçün yeni bir ümid işığı yandı.


Bakının azad edilməsi Azərbaycanın müstəqilliyinin qorunması və bölgədə sabitliyin bərpası üçün mühüm bir addım oldu. Bu hadisə Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq münasibətlərinin güclənməsində də xüsusi yer tutur. Hər iki xalq bu döyüşdə çiyin-çiyinə verərək öz millətlərinin azadlığı və suverenliyi uğrunda mübarizə apardılar.


1918-ci il 15 sentyabr qələbəsi, Azərbaycan xalqının mübarizə ruhunun və millətinə olan sevginin ən gözəl nümunəsidir. Bu şanlı tarix hər il böyük iftixar və qürurla qeyd edilir və Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi fədakarlıq unudulmazdır.



Sahilə Bayramlı

Xəbəri paylaş: