Qarabağa “Böyük Qayıdış” Azərbaycan dövləti üçün prioritet məsələdir

img

Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib.

Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir.

Rezonans.az-ın məlumatına görə Milli Məclisin üzvü Vüqar İskəndərov hesab edir ki, Qarabağın dinc sakinləri qısa vaxtda öz doğma yurd-yuvalarına qayıdacaqlar:  


“44 günlük Vətən müharibəmiz Azərbaycanın 30 ilə qədər işğalda qalan torpaqlarının qayıtması ilə nəticələndi. Əvvəla, bu, Azərbaycan dövlətinin gücünü göstərmiş oldu. Azərbaycan ordusunun qətiyyətini, qüdrətini, Vətən sevgisini dünyaya bəyan etmiş oldu. Bilirik ki, bu işğal nəticəsində milyondan yuxarı insan öz dədə-baba yurdlarından qaçqın, məcburi köçkün və didərgin şəraitinə düşmüşdü. Bütün bu məsələlər 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz tərəfindən həll edilmiş oldu. Bununla da, Azərbaycan həm də beynəlxalq hüququ və ali ədaləti bərpa etdi. Artıq biz Qarabağ torpaqlarında, Şərqi Zəngəzurda müharibə bitəndən sonra minaların təmizlənməsi ilə paralel abadlıq, quruculuq, yenidən qurma işlərinə start vermişik. Bu gün 5-ci nəsil müharibə göstərən azərbaycanlı 5-ci nəsil müasir evlər, strateji, obyektlər, tunellər, körpülər tikir və qısa vaxt ərzində beynəlxalq standartlara uyğun  hava limanı inşa etmişdir. Bu, bizim bir daha bu sahədəki gücümüzü və qüdrətimizi göstərir”. 


V.İskəndərovun sözlərinə görə, artıq Zəngilanda ilk "Ağıllı kənd" layihəsi olan Ağalı kəndi sakinlərini gözləyir:


“Təbii ki, qısa vaxt ərzində buranın dinc sakinləri evlərinə qayıdacaqlar və orada insanlarımız daimi xoşbəxt və firavan yaşayacaqlar. "Böyük Qayıdış" hər bir azərbaycanlının həyatındakı ən ündə arzularından biridir. Biz çox böyük tarixi günlər yaşayırıq. Biz öz halal torpaqlarımıza dönürük, oranı yenidən dirçəldirik, yenidən qururuq. Artıq yaxın zamanlarda tək Ağalı da yox, digər kəndlərdə, şəhərlərdə yaşayacağıq və insanlarımız "Böyük Qayıdış"la həm də hər bir azərbaycanlının öz arzusuna qayıtmış olacaq. Hər birimizin ən böyük arzularından biri həmin torpaqlarda birgə yaşamaqdır, həmin torpaqlarda əkib-becərmək idi.


Artıq biz o torpaqların sahibləri kimi geri qayıtmışıq və orada əbədi yaşayacağıq. Düşünürəm ki, hələ ilin sonuna qədər bir neçə yaşayış məntəqələrə də insanlarımız qayıdacaq və minaların təmizlənməsi ilə paralel salınan kəndlər, şəhərlər, qəsəbələr artıq öz sakinlərini gözləyəcək. Oradan didərgin düşmüş, köçkün və qaçqın olan vətəndaşlarımız artıq oranın əbədi sakinləri kimi daimi öz evlərində, öz rayonlarında, öz şəhərlərində və öz kəndlərində yaşayacaqlar

Xəbəri paylaş: