Prezident İlham Əliyevin Qarabağa Səfəri: Tarixi Gündə Suverenlik və Ədalətin Bərpası

img

Prezident cənab İlham Əliyev Azərbaycan xalqı üçün tarixi gün olan 20 sentyabr tarixində Qarabağa səfər etdi. Ölkə başçımız qədim Azərbaycan şəhəri olan Xankəndində qısa müddət ərzində dünya təhsil sistemi standartlarına uyğun ən müasir formada tikilib istifadəyə verilən Qarabağ Universiteti ilə tanış oldu. Universitetdə çıxış edən Prezidentimiz torpaqlarımızın işğaldan azad edilməsində və suverenliyimizin tam bərpa olunmasında Azərbaycan Ordusu və xalqının qəhrəmanlığından, eləcə də Sovet İttifaqı dövründə dünya ermənilərinin Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsi üçün həyata keçirdikləri riyakar planları barədə məlumat verdi.

2023-cü ilin sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Qarabağda Ermənistan ordusu və buradakı separatçılara məxsus silahlı dəstələri məğlub edərək Azərbaycanın suverenliyini tam bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycanın suverenliyini bərpa etməklə yanaşı ədaləti və beynəlxalq hüququ da bərpa etmiş oldu. 

Ölkə başçımızın sentyabrın 20-ni "Dövlət Suverenliyi Günü" kimi qeyd olunması barədə Sərəncamı tarixi bir hadisə oldu. Gələcək nəsillər bu günün tarixini öyrəndikdə Prezident cənab İlham Əliyev tərəfindən son 200 ildə Azərbaycanın ən böyük zəfər qazandığının şahidi olacaqlar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümayiş etdirdilər. Igid oğullarımız torpaq uğrunda canlarından, qanlarından keçdilər. Bir nəfər əsgərimiz belə geri çəkilmədi, hər gün irəli gedərək şəhər və kəndlərimizi işğaldan azad edirdi. Bu Azərbaycan xalqının nə qədər igid, mərd və qorxmaz bir xalq olduğunun nümunəsidir. Ermənistan rəsmiləri özləri etiraf edirdilər ki, ordularında 12 mindən çox hərbiçi fərarilik etmişdir. 

Qələbəmizi şərtləndirən ən əsas səbəblərdən biri də xalqımızın birliyi və Prezidentimizə olan böyük inamı və sevgisi idi. Vətən müharibəsində xalqımız öz lideri - Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bu gün dünyanın bir çox yerlərində müharibələr gedir. Heç bir dövlətdə ölkəmizdə olduğu qədər xalq-iqtidar birliyi mövcud deyil. Gənclərimiz elə tərbiyə alıb ki, Vətən, torpaq uğrunda hər zaman canlarından keçməyə hazırdılar. Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, gənclərimiz milli ruhda tərbiyə almalı, adət ənənələrimizi qoruyub saxlamalıdırlar. Hər bir valideyn, eləcə də məktəbdə müəllimlərimiz gənclərimizin vətənpərvər ruhda yetişməsinə xüsusi diqqət ayırmalıdırlar. Orta məktəblərdə, həmçinin ali təhsil müəssisələrində müəllimlərimiz şagird və tələbələrimizə Azərbaycan tarixini dərindən öyrətməlidirlər. Prezident cənab İlham Əliyev çıxışında bir daha əsrin əvvəlində və sonrakı illərdə Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana verildiyini xüsusi vurğuladı. XX-ci əsrin əvvəllərində ermənilər kütləvi şəkildə İrandan və Şərqi Anadoludan Qarabağ və Zəngəzura yerləşdirildi. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan alınaraq Ermənistana verildi. 1923-cü ildə isə Sovet rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı və planı da gələcəkdə bu əraziləri Ermənistana birləşdirmək idi. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana hakimiyyətə gəldikdən sonra Azərbaycan torpaqlarının Ermənistana verilməsinin qarşısını aldı. Dünya erməniləri və Qarabağdakı separatçılar  Qarabağı Ermənistana birləşdirməyə cəhd etsələr də Heydər Əliyev bunun qarşısını alırdı. 1982-ci ildə ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycana qarşı torpaq iddiası irəli sürməyə cürət etmirdilər. 1987-ci ildə Heydər Əliyev istefaya göndərildikdən sonra Ermənistan və Qarabağdakı separatçılar fəallaşdılar. Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. O vaxt Azərbaycanda hakimiyyətdə olanların qorxaqlığı, satqınlığı nəticəsində şəhər və kəndlərimiz ardıcıl olaraq Ermənistan tərəfindən işğal edilirdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü özlərində cürət tapıb Heydər Əliyevi hakimiyyətə gətirsəy dilər torpaqlarımızın 20%-i işğal edilməzdi. Xalqın tələbi ilə ulu öndərimiz hakimiyyətə gəldikdən sonra Ermənistanın təcavüzünün qarşısı alındı. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatımız sürətlə inkişaf etdirildi, ordumuz gücləndirildi. Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqlə davam və inkişaf etdirən Prezident cənab İlham Əliyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam bərpa etdi və Azərbaycan dövləti və xalqının gücünü bütün dünyaya tanıtdı.


Kamilə Əliyeva Vl çağırış Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: