Strateji müttəfiqlik münasibətlərində yeni səhifə

img

 Bir il öncə - 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdarlıq qazandı.

Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "dəmir yumruq"la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır.

Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi.

Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.

Eyni zamanda Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri bildirilir. Sənəddə belə bir müddəa da öz əksini tapır ki, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi günlə bağlı iki əlamətdar məqamı da var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində respublikanın ağır xarici və daxili təhdidlərlə üzləşərək parçalanmaq, müstəqilliyini itirərək dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi o ağır çağlarda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdıb Azərbaycanı xilas etdi, müstəqil dövlətçiliyimizin təməllərini möhkəmləndirdi. Bu tarixdən 28 il sonra eyni gündə Şuşa Bəyannaməsinin imzalanması da ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardandır. Belə bir tarixi qərar müasir dünyamızda Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan, güvənən iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Azərbaycan və Türkiyə bu mənzərəni qonşuları təhdid etməklə, onların maraqlarına toxunmaqla, dağıntılarla, inkişaf yollarını qapamaqla deyil, əksinə, geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla, abadlıqla, quruculuqla formalaşdırır. Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir.


Mikayıl Hacıyev
Göygöl bələdiyyəsinin sədri

Xəbəri paylaş: