İsrailin Livandakı şiə Hizbullah hərəkatının hərbi obyektlərinə kütləvi zərbələr endirməsi səbəbindən Yaxın Şərqdə vəziyyətin pisləşməsindən sonra Aİ ölkələri xarici işlər nazirlərinin fövqəladə iclasını çağırmaq niyyətindədir.
Rezonans.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Aİ diplomatları “Yaxın Şərqdə sürətlə artan münaqişəyə cavab vermək” üçün virtual formatda xarici işlər nazirlərinin görüşünü hazırlamağa başlayıblar. Mənbələr vurğulayır ki, bəzi icma üzvləri sentyabrın 30-da görüşün keçirilməsində israr ediblər. Onun keçirilməsinin dəqiq vaxtı barədə məlumat verilmir.
Sentyabrın 17 və 18-də Livanda bir sıra rabitə cihazlarının partladılmasından sonra İsrail və Hizbullah arasında münaqişənin kəskinləşməsinin yeni mərhələsi başlayıb. Hərəkat partlayışları təşkil etməkdə İsraili günahlandırıb, hakimiyyət orqanları insidentlə bağlı birbaşa açıqlama verməyib, lakin şimal istiqamətində hərbi əməliyyatların intensivləşdiyini bəyan edib.