Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyev iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq, ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağını bildirərək, qonaqlara dəvət məktubunu təqdim edib.
Xorvatiyanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsinin, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Xorvatiyanın Baş prokuroru 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Tərəflər ölkələrimizin prokurorluqları arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.