Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.
Rezonans.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Onun sözlərinə görə, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb: “Onlardan 131-nin eyniləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib. Həmin Mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılıb”.