"Qayaüstü təsvirlər-bəşəriyyətin ortaq irs abidələri kimi" mövzusunda elmi seminar keçirilib

img

Qobustan Milli Tarix-Bədii Qoruğu və Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix- Mədəniyyət və Təbiət Muzey-Qoruğu arasında imzalanmış "Qarşılıqlı Əməkdaşlıq Memorandumu”na əsasən Qobustan Milli Tarix-Bədii Qoruğunda  "Qayaüstü təsvirlər-bəşəriyyətin ortaq irs abidələri kimi" mövzusunda elmi seminar  keçirilib. 


Rezonans.az xəbər verir ki, seminarda hər iki qoruq ərazisində yerləşən abidələrin vəziyyəti, qorunması,  bərpası və konservasiyası ilə bağlı görülən işlər barədə mühazirələr dinlənilib, elmi tədqiqatların nəticələri, mədəni irs nümunələrinin qorunmasının təşkili strategiyaları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, konservasiyası və bərpası mövzusunda birgə konfransların, seminarların, treninqlərin keçirilməsi yönündə məsləhətləşmələr aparılıb. 

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, digər qoruq və muzeylərin  əməkdaşları iştirak edib.   

Tədbiri giriş nitqi ilə açan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb, belə tədbirlərin eyni zamanda xalqlar arasında dostluq və  əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Qoruğun fəaliyyəti və   keçirilən tədbirlər barədə  məlumat verən natiq gələcək planlardan, nəzərdə tutulan müştərək layihələrdən danışıb, seminarın iki qoruq arasındakı mövcud əməkdaşlığı daha da dərinləşdirəcəyinə inamını ifadə edib.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix- Mədəniyyət və Təbiət Muzey-Qoruğunun direktoru Bibigül Dandıqaraeva Tanbalı abidələri, qoruq-muzeyin fəaliyyəti barədə məlumat verib, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsini, geniş təcrübə mübadiləsinin aparılmasını və  mədəni-maarifləndirici layihələrin həyata keçirilməsini nəzərdə tutan "Qarşılıqlı əməkdaşlıq memorandumu"nun əhəmiyyətindən danışıb, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Mədəni irsin qorunması, bərpası və inkişafı yönündə qurulan beynəlxalq əməkdaşlıq və əlaqələrin  Mədəniyyət nazirliyi tərəfindən daim dəstəkləndiyini bildirən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Mahir Qəhrəmanov əldə olunan beynəlxalq təcrübələrin ölkəmizin digər qoruqları ilə paylaşılmasının əhəmiyyətindən söz açıb, bu tədbirlərin qoruqların inkişafına müsbət təsir göstərdiyini bildirib, gələcək əməkdaşlıq imkanlarından  danışıb. 

Qobustan abidələrinin tədqiqatçısı tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev dövrü olaraq burada aparılan qazıntılar və əldə olunmuş maddi mədəniyyət nümunələri haqqında məlumat verib.

Seminar çərçivəsində Tanbalı abidələrini əks etdirən fotosərgiyə baxış keçirilib. 

Sonda iştirakçılar üçün qoruğa ekskursiya təşkil olunub.

Xəbəri paylaş: