"Paşinyan 102 hərbi bazanın çıxarılmasına hazırlaşır" - Arutyunyan

img

Oktyabrın 8-də Paşinyanla Putinin Moskvada görüşündə razılıq əldə olunub ki, bir neçə aydan sonra, 2025-ci il yanvarın 1-də Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində xidməti fəaliyyətini dayandıracaq, onlar oranı tərk edəcəklər, erməni sərhədçilər öz yerində xidmət göstərəcəklər.

Rezonans.az xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan öz "Facebook" səhifəsində yazıb. 

"Baş nazir Paşinyan Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra Rusiya FTX-nin Sərhəd Qoşunlarının Ermənistan və İran İslam Respublikası arasında dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində göstərdiyi xidmətə görə prezident Putinə təşəkkür edib", - Bağdasaryan bildirib.

Şəbəkə Araşdırmaları İnstitutunun direktoru, politoloq Qaqik Arutyunyanın sözlərinə görə, Paşinyan uzun müddətdir ki, Ermənistandan 102 hərbi bazanın çıxarılmasına hazırlaşır. Ona görə də Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması bu işlərin tərkib hissəsidir: "Bu hökumətin etdiyi hər hansı təşəbbüs ölkəmiz üçün müxtəlif təhlükələrlə doludur. İran xüsusən də “Zəngəzur dəhlizi” ilə bağlı dəfələrlə bəyan edib ki, bu, Ermənistan-İran sərhədini zəiflədir, çünki ruslar bu məsələdə həmişə intizamlı olublar, o sərhədi saxlayıblar. İndi baş verənlər bizim sərhəd xidmətimizin təhlükəsizliyini zəiflədir. Ən pisi isə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini tərk edəndə olacaq.

Hökumətin addımlarının ardıcıllığının məntiqi onu deməyə əsas verir ki, Rusiyanın 102 hərbi bazası da tezliklə geri çəkiləcək. Türkiyənin istədiyi də budur. Bundan sonra hərbi bazanın çıxarılması məsələsi qaldırılacaq". 

Xəbəri paylaş: