“Müasir dövrdə hüquqşünas hazırlığında fundamental hüquq elmlərinin rolu” mövzusunda elmi seminar keçirilib

img

10 oktyabr 2024-cü il tarixində Polis Akademiyasında Dövlət və hüquq nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə “Müasir dövrdə hüquqşünas hazırlığında fundamental hüquq elmlərinin rolu” mövzusunda elmi seminar keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə Mediasiya Şurasının, “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin əməkdaşları, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının və DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, tələbələr və kursantlar iştirak ediblər.
 İlk olaraq Ümumilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbiri açıq elan edərək qonaqları salamlayıb və elmi seminarın işinə uğurlar arzulayıb.
“Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin sədr müavini Ələddin Cəfərov, Mediasiya Şurası İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev çıxış edərək həm tədris resurslarının hazırlanması, həm də fundamental hüquqi biliklərin təhsilalanlara çatdırılması məsələlərinin koordinasiyalı şəkildə həyata keçirilməli olduğunu, müxtəlif ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
Tədbirin davamı olaraq DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi polis polkovniki Babək Nəsirov və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ceyhun Süleymanov tərəfindən “Konstitusiya hüququ” və “Hüquq nəzəriyyəsi” fənləri üzrə hazırlanmış dərsliklərin təqdimatı olmuşdur.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Hüquq kafedrasının müdiri, h.e.d., professor İsaxan Vəliyevin “Hüquqşünas kadrların hazırlanmasında müasir çağırışlar”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, fakültə rəisinin müavini, polkovnik-leytenant, h.ü.f.d., dosent Mehparə Fətullayevanın “Ali təhsil müəssisələrində fundamental hüquq elmlərinin tədrisinin təşkili”, DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Süleymanovun “ Hüquqi tədqiqat prosesində aktual metodlardan istifadə”, DİN-in Polis Akademiyasının “DİO-da inzibati fəaliyyət” kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rafiq Nəcəfquliyevin “ Dövlət idarəetməsinin və polisin inzibati fəaliyyətinin öyrənilməsində fundamental hüquqi biliklərin rolu” mövzularında çıxışları dinlənilib. Çıxışlar ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: