COP29 çərçivəsində parlament görüşü təşkil ediləcək

img

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.

Bu barədə Rezonans.az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Tədbirə hazırlığın intensiv şəkildə həyata keçirildiyini vurğulayan spiker qeyd edib ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim ediləcək.

Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.

Xəbəri paylaş: