Nazirlik qripə qarşı spesifik və effektiv qorunma vasitəsini açıqladı

img

Kəskin respirator virus infeksiyaları olduqca çoxdur. Bunların arasında fəsli qrip nisbətən daha təhlükəli olub ağırlaşmalar və əlverişsiz nəticələr ilə fərqlənir”.

Rezonans.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları əsasən qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir (maskanın geyilməsi, əl gigiyenası və s.):

“Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir. Hər il sentyabr-oktyabr aylarında dövriyyədə olan fəsli qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyadək qoruyur”.

Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizdə hər il Səhiyyə Nazirliyi tərəfindən belə peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir:

“Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilən peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər”.

Xəbəri paylaş: