Dövlətinə, xalqına düşmən kəsilənləri xalqımız heç vaxt bağışlamayacaq

img

Müasir dünyada Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan adlı bir məmləkətin tək regionda deyil, dünyada güclü bir dövlətə, getdikcə güc mərkəzinə çevrilən bir ölkə olması bir sıra Qərb dövlətləri və onların əlaltısı olan beynəlxalq təşkilatları çox narahat edir.

Prezident cənab İlham Əliyev 70 il SSRİ tərkibində olan, müstəqilliyini bərpa etdikdən cəmi 28 il sonra Azərbaycanı, dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkəni, bütün dünyaya tanıtdı. Artıq Azərbaycan dünyanın ən nüfuzlu və böyük COP-29 kimi bir Konfransa ev sahibliyi edir. Bununla əlaqədar noyabrda Bakıda keçiriləcək COP-29 tədbiri öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar. Bir neçə gün bundan öncə özünü "əzabkeş vətənpərvər" kimi qələmə vermək istəyən Sevinc Osmanqızı AŞPA da Azərbaycana düşmən mövqeyilə seçilən almaniyalı deputat Frank Şvaybe ilə müsahibə yayımladı. Əslində bu müsahibə deyil ölkəmizə düşmən kəsilən iki şəxsin qərəzli və qarayaxma kampaniyası idi. Adı Sevinc, soyadı Osmanqızı olan bir şəxs bütün dünyaya hayqırmalı idi ki, Ermənistan və onun havadarları olan ölkələr təcavüzkar və cinayətkardırlar, mənim ölkəmə qarşı soyqırım törədiblər, atamı qətlə yetiriblər. Sevinc isə xəyanətkar yolu, düşmən tərəfində olmağı seçdi. Bütün müqəddəs amalları ayaqlar altına atdı.

Osmanqızı AŞPA da Azərbaycan nümayəndə heyətinə yönələn haqsızlıqların müəlliflərindən olan Şvaybeyə ölkəmizə qarşı tutduğu düşmən mövqeyə görə təşəkkür yağdırırdı. Şvaybe müsahibəsində COP-29 ilə bağlı Azərbaycana gəlmək istədiyini, lakin Azərbaycan tərəfinin onun və Azərbaycana qarşı bədnam qətnaməyə səs verən digər avropalı deputatların Azərbaycanda arzuolunmaz şəxslər elan olunması səbəbindən mümkün olmadığını vurğulayır. Nə qədər simasız olasan ki, bu cür fikirlərə düşəsən. Bu gün Azərbaycan heç bir dövlətdən və qüvvədən çəkinməyən qüdrətli bir dövlətdir və ölkə başçımız Prezident cənab İlham Əliyev tərəfindən dövlətimiz və xalqımıza qarşı yönələn istənilən siyasi təxribatın cavabı qətiyyətlə verilir.

Osmanqızı və Şvaybe ağız- ağıza verərək guya Azərbaycanda demokratiyanın, insan hüquqlarının pozulmasından danışırlar. Bu gün ölkəmizdə demokratiya, multikulturalizm və tolerantlıq bütün dünyaya örnək olan səviyyədədir. Yaxşı olardı ki, bu şəxslər Fransanın, ABŞ ın öz vətəndaşlarına qarşı polis zorakılığından, başqa dövlətlərə və xalqlara qarşı törətdikləri cinayətlərdən, müstəmləkələrindən danışsınlar. Osmanqızı və Şvaybe Azərbaycanda son Prezident və Parlament seçkilərii ilə bağlı fikirlər söyləyiblər. İddia edirlər ki, bu seçkilərdə saxtakarlıq olub. Nə Osmanqızı, nə Şvaybe Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak etməyiblər və onların hər hansı bir fikir söyləmələri absurddur. Əksinə, seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda hər iki seçkinin tam demokratik, şəffaf keçirildiyini bəyan ediblər. Ola bilsin ki, Azərbaycan xalqı zaman keçdikcə Şvaybekimiləri unutsun, lakin Sevinc Osmanqızı və onun kimi dövlətinə, xalqına düşmən kəsilənləri xalqımız heç vaxt bağışlamayacaq.

Kamilə Əliyeva 
BDU-nun kafedra müdiri, professor

Xəbəri paylaş: