“Ailədə uşaqların hüquqlarını qoruyaq” adlı maarifləndirici tədbir keçirilib

img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində Zaqatala rayon məktəblərində müxtəlif siniflərdə oxuyan şagirdlərin valideynlərinin iştirakları ilə “Ailədə uşaqların hüquqlarını qoruyaq” adlı maarifləndirici tədbir keçirilib. 

Rezonans.az xəbər verir ki, tədbirdə Şəki 1 saylı mediasiya təşkilatının Zaqatala rayonu üzrə fəaliyyət göstərən mediatoru Niyazi Məmmədov iştirak edib. Tədbir boyunca iştirakçılar mediasiyanın hüquq müstəvisində rolu, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu tam qüvvəyə mindiyi gündən uşaqların mənafelərinə toxunan hallarla bağlı mərkəzə daxil olan işlərin ümumi statistikası ilə bağlı müzakirələr aparıblar.

Müzakirələr zamanı Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova və mərkəzin digər əməkdaşları bildiriblər ki, ailə mübahisələri ilə bağlı məhkəmədən öncə mediasiya prosesinin tətbiq edilməsi və bu sahədə aktiv fəaliyyət göstərən mediatorların uğurlu fəaliyyətləri nəticəsində ailə mübahisələrinə dair məhkəməyə daxil olan işlərin, o cümlədən, mərkəzə daxil olan şikayətlərin sayında kəskin azalma müşahidə edilir.

Məhz bütün bunlar onu deməyə əsas verir ki, mediasiya institutu öz müsbət töhfəsini verməkdədir və bu institutun fəaliyyəti müqayisəli təhlil edilərək tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Xəbəri paylaş: