Moldovada prezident seçkilərinə səsvermə Avropa İttifaqına daxil olmaq haqqında referendumla eyni vaxtda başlayıb.
Rezonans.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 1 987 seçki məntəqəsi açılıb və Mərkəzi Seçki Komissiyası hazırda seçki bürolarının sədrlərindən bildirişlər alır.
Bu il prezident postu uğrunda 11 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələri hazırkı Prezident Maya Sandunu seçki yarışının favoriti kimi göstərir. Onun əsas rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.
Səsvermədə həmçinin Moldova Konstitusiyasına Avropa kursunun dönməzliyi ilə bağlı müddəaların əlavə edilməsi məsələsi də qoyulub.
Seçkiləri 2 mindən çox müşahidəçi, o cümlədən ATƏT və bəzi digər təşkilatların nümayəndələri, habelə xarici diplomatlar müşahidə edəcək.
Səsvermənin gedişini müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti də dəvət olunub. Nümayəndə heyətinə MSK sədrinin müavini Rövzət Qasımov və katibliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli daxildir. Səfər çərçivəsində Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman və digər rəsmi şəxslərlə görüşlər, habelə idarələrarası əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi imkanlarının müzakirəsi nəzərdə tutulub.
Seçkilər çərçivəsində Azərbaycan daxil olmaqla 37 ölkədə 231 seçki məntəqəsi açılıb.
Səsvermə saat 21:00-da başa çatacaq. Seçkilər və referendum seçicilərin üçdə biri iştirak etdiyi təqdirdə baş tutmuş sayılacaq. MSK adətən səsvermə başa çatdıqdan bir neçə saat sonra ilk ilkin nəticələri açıqlayır. Prezident seçkilərində səslərin azı yarısını alan namizəd qalib elan ediləcək. Bu baş verməzsə, iki həftə sonra iki namizədlə ikinci tur təşkil olunacaq.