Su şəbəkəsinə qoşulma ilə bağlı tədbir keçirildi

img

Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş “Su şəbəkəsinə qoşulma” ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması üçün tədbir keçirilib.

Bu barədə Rezonans.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilir ki, oktyabrın 23-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.

Tədbirin açılışını İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı edərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı məlumat verib, “Su şəbəkəsinə qoşulma”nın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb, bu qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.

Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə “Su təchizatı şəbəkəsinə qoşulma”nın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyini, bu istiqamətdə işlərin görülməsinin əhəmiyyətini vurğulayıb. 

ADSEA-nın şöbə müdiri Yusif Əhədi “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçası, videoçarx və qurumun yeni internet səhifəsini təqdim edib. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini Rüfət Atakişiyev təkmilləşdirilmiş “e-su” portalındakı yenilikləri diqqətə çatdırıb. 

Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb. 

Xəbəri paylaş: