26 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov TÜRKPA Müşahidə Missiyasının tərkibində Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərin qısamüddətli müşahidə proqramı çərçivəsində Özbəkistan Xalq Demokratik Partiyasının sədri Uluqbek İnoyatov ilə görüşüb.
Rezonans.az xəbər verir ki, Partiya sədri partiyanın fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, Özbəkistan Xalq Demokratik Partiyası sosial bərabərlik, ədalət, hüquq, dövlət məsuliyyəti və həmrəylik ideyaları uğrunda mübarizə aparır. Buna əsaslanaraq, güclü sosial siyasətin həyata keçirilməsinə yönəlmiş 150-yə yaxın təklif və təşəbbüs hər bir vətəndaşın həyat şəraitinin və keyfiyyətinin daha yüksək səviyyəyə qaldırılması ideyalarını əhatə edir.
Partiya rəhbərliyi və üzvlərini salamlayan Əhliman Əmiraslanov Azərbaycan Respublikasının hər bir vətəndaşın, hər bir ailənin və bütün cəmiyyətin rifahına yönəldilmiş siyasəti haqqında danışıb. O, eyni zamanda tibb sahəsində həyata keçirilən yeniliklər haqqında məlumat verib.
Cənab Əmiraslanov bildirib ki, artıq ikinci gündür ki, iştirak etdiyi görüşlər zamanı Özbəkistanın bu seçkilərə ciddi hazırlaşdığını müşahidə edir. O, partiya üzvlərinə uğurlar arzu edib və seçkilərin ən yüksək şəkildə keçiriləcəyinə əminliyini ifadə edib.