Bu günlər bütün dünyanın gözü və diqqəti Azərbaycandadır. Yer kürəsinin gələcəyini düşünən hər kəs Bakıda keçirilən COP-29 tədbirində qəbul ediləcək qərarları diqqətlə izləyir.
Dünyanın ən nüfuzlu ekspert və mütəxəssisləri Bakı Konfransını bir maliyyə tədbiri kimi də qiymətləndirirlər. Əvvəlki COP-larda böyük və zəngin dövlətlər tərəfindən iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətlərinə yardım ayrılması barədə qərar qəbul edilsə də yardımlar bu ölkələrə çatdırılmamışdır. Azərbaycanın COP 29-a sədrliyə başladığı ilk gündən Prezident cənab İlham Əliyev dəfələrlə dünya dövlətlərinə müraciət etmişdir ki, kiçik dövlətlərə maliyyə yardımlarının ayrılması çox zəruri məsələdir. Ölkəmiz hər zaman iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətlərinə yardım etmişdir. Azərbaycan bu işdə körpü rolu oynayan bir dövlət kimi çıxış edir. Ölkə başçımız iqlim dəyişikliyi ilə əlaqədar dünya dövlətlərini həmrəy olmağa çağırış etmişdir. Prezident cənab İlham Əliyev hər zaman yer kürəsinin sağlam gələcəyi naminə əsaslı təkliflərlə çıxış etmiş, dünya dövlətlərinin və xalqlarının azad və müstəqil yaşamalarının tərəfdarı olduğunu vurğulamışdır. Azərbaycan sözdə deyil, əməldə də bu məsələlərdə əməli fəaliyyət göstərir. Pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan 80 dövlətə maddi və humanitar yardımlar göstərmişdir. Başqa dövlətlərin minlərlə vətəndaşını ölümün pəncəsindən qurtarmışdır. Bir sıra Qərb dövlətləri isə vaksin millətçiliyi ilə məşğul olurdular. Bu dövlətlər digər ölkələrə və xalqlara qarşı müstəmləkə və neokolonializm siyasəti həyata keçirdiblər.
Azərbaycanın COP 29-a sədrliyi dövründə Fransa və Niderland kimi dövlətlər ölkəmizə qarşı qarayaxma, qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirməyə başladılar və dünya dövlətlərini Azərbaycanda keçirilən COP-29 konfransını baykod etməyə çağırırdılar. Hər zaman olduğu kimi bu dəfə də Fransa və Niderland kimi dövlətlər Azərbaycan qarşısında məğlub olaraq dünya ictimaiyyəti qarşısında da aciz və rəzil vəziyyətə düşdülər. COP-29 konfransına 80 ölkənin dövlət və hökumət başçıları 190-dan artıq ölkədən 72 mindən çox nümayəndə heyəti gəldi. Bakıya gələn qonaqlar tədbirin çox yüksək səviyyədə olduğunu vurğulayıblar.
COP-29 açılışı mərasimində çıxış edən Prezident cənab İlham Əliyev tədbir iştirakçılarını salamlamaqla bərabər dünya ictimaiyyətinə olduqca önəmli mesajlar verdi, Azərbaycanın iqlim dəyişikliyinə qarşı həyata keçirdiyi layihələr, iqlim dəyişikliyin qarşısını alınması üçün görüləcək işlər, eləcə də inkişaf etmiş dövlətlərin qarşısında duran vəzifələr barədə təkliflərini səsləndirdi. Ölkə başçımız eyni zamanda COP 29-u baykod etməyə çalışan dövlətlərin dünyanı narahat edən iqlim dəyişikliyinə biganə yanaşdıqlarını və onların baykod çağırışlarının fiaskoya uğradığını vurğuladı.
Prezident cənab İlham Əliyev noyabrın 13-də COP-29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxısı iştirakçı dövlətlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Ölkə başçımız çıxışında XXI əsrdə də Fransa və Niderlandın müstəmləkə, neokolonializm siyasəti həyata keçirdiyini qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Demokratiya, insan hüquq və azadlıqlarından dünyaya dərs keçmək istəyən Fransa dırnaq arası dəniz ərazilərində insanlığa və bəşəriyyətə qarşı dəhşətli cinayətlər törətməkdədir. Adalarda nüvə silahlarını həyata keçirən Makron hakimiyyəti burada yaşayan insanların həyatına son qoymaqla bərabər ekoloji fəlakətlər törədir, iqlim dəyişməsinə zəmin yaradır. Makron rejimi Yeni Kolidoniyada yerli konak xalqının haqlı etirazlarının qarşısını amansızlıqla alaraq qətillər törətmiş, insanlar günahsız yerə həbs edilmişdir. Fransa hökuməti müstəmləkədə saxladığı digər ərazilərdə də insanları günahsız yerə həbs edərək onlara işgəncələr verir. Təəssüflər olsun ki, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Fransanın bu cinayətlərinə göz yumur. Ölkə başçımızın da qeyd etdiyi kimi AP və AŞPA günahsız insanların qətlinə görə Makron hakimiyyəti ilə məsuliyyəti bölüşür. AP və AŞPA-nın korrupsiyalaşan təşkilat olmaları dünya ictimaiyyətinə məlumdur. Bu təşkilatlar digər dövlətlərə demokratiyadan dərs keçməyə çalışırlar.
Əslində bu qurumlar Azərbaycan kimi müstəqil siyasət həyata keçirən, heç kimdən asılı olmayan dövlətlərə təsir etmək üçün Fransanın əlində bir alətdir. Azərbaycan hər zaman neokolonializmə qarşı mübarizə aparan, müstəmləkəyə məruz qalan dövlətləri və xalqları müdafiə edən bir dövlətdir. Ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi COP-29 konfransını da yüksək səviyyədə keçirərək yekunlaşdıracaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor