Kəlbəcərin azad olunmasından 4 il ötür

img

Kəlbəcərin işğaldan azad edilməsindən  4 il ötür.

Rezonans.az xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Xəbəri paylaş: