Barışıq sazişlərinin imzalanmasında rolu olan hüquqşünasların və psixoloqların önümüzdəki ildə beynəlxalq təcrübə proqramlarında iştirakını təmin edəcəyik

img

Barışıq sazişlərinin imzalanmasında rolu olan hüquqşünasların və psixoloqların önümüzdəki ildə beynəlxalq təcrübə proqramlarında iştirakını təmin edəcəyik.

 
Bu barədə Rezonans.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirib. O qeyd edib ki, mediatorlar beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun təşviqi və digər ölkələr üçün nümunəvi tətbiqi məqsədi ilə müxtəlif beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edir. O qeyd edib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən biri də mediatorların mediasiya xidməti göstərdikləri vətəndaşlara hüquq xidməti göstərə bilməmələridir. Onun sözlərinə görə, bu, mütərəqqi bir normadır və maraqlar konfliktinin qarşısını alır. “Odur ki, biz bu gün peşəkar hüquqşünaslar, psixoloqlar və tərcüməçilərlə çox sıx əməkdaşlıq edirik. Barışıq sazişlərinin imzalanmasında məhz peşəkarlığı ilə seçilən hüquqşünasların mühüm rolu var. Onlar öz müştərilərinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşa verdiyi üstünlükləri savadlı izah edə bilir və Qanunun tələblərindən yararlanmağı tövsiyə edirlər. Belə olan halda isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu bütünlüklə tətbiq edilə bilən hala gəlir.” – deyə, Nadir Adilov bildirib.

Nadir Adilov qeyd edib ki, bu gün mediasiya təşkilatları rəhbərləri hüquq xidmətlərində xüsusi fəallıqları ilə seçilən hüquqşünasların da mediatorlarla birgə beynəlxalq konfrans, seminarlarda iştirakını xahiş ediblər. “Biz də İdarə Heyəti olaraq bu təklifə çox isti yanaşmışıq. Belə hesab edirik ki, mediasiya sahəsində mediator olmayan hüquqşünasların da beynəlxalq proseslərdə iştirakı mediasiya proseslərinə töhfədə çox mühüm bir addım olardı. Odur ki, biz önümüzdəki ildə mediasiya təşkilatları rəhbərləri, eyni zamanda mediatorlardan gələn təkliflər əsasında mediasiya proseslərini sabotaj edən yox, mediasiya proseslərinə dəstək verən hüquqşünas və psixoloqların da mediatorlarla birgə beynəlxalq proqramlarda iştirakını təmin edəcəyik. Hesab edirik ki, bu ümumi ekosistem iştirakçılarının da vahid təcrübələrinin formalaşmasına, beynəlxalq təcrübəni öyrənmələrinə və eyni zamanda Azərbaycanın mütərəqqi təcrübəsinin ixracında da mühüm rol oynayacaqdır. Hesab edirəm ki, biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütünləşməyi, bütövləşməyi və torpaqlarımızı işğaldan azad etməyi bacaran bir xalqıq və cənab Prezidentin apardığı islahatlarda da bütövləşməyi qarşımıza məqsəd qoymalı və cənab Prezident tərəfindən imzalanan hər bir Qanunun, Sərəncam və Fərmanın təşviqində, təbliğində, tətbiqində həmrəylik nümayiş etdirməliyik. Bizə həmrəylik yaraşır və biz bu həmrəyliyi mediasiya xidmətlərinin göstərilməsində də təmin edəcəyik. Artıq mediatorlarımızdan və mediasiya təşkilatları rəhbərlərindən mediasiya xidmətləri sahəsində keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi sahəsində əməyi və rolu olan hüquqşünasların da bizlərlə bərabər beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı siyahıların Mediasiya Şurasına təqdim edilməsi də xahiş edilib və bu sahədə işlər davam etdirilir. Ümumiyyətlə, biz keyfiyyətli hüquq xidmətlərinin keyfiyyətli mediasiya xidmətləri üçün bir tranpilin olduğunu düşünürük. Çünki tərəflərin imzaladıqları barışıq sazişlərinin məzmununda hüquqşünasın rolu və mövqeyi əvəzsizdir. Hüquqşünaslar nə qədər çox vətəndaşa barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə köməklik və dəstək göstərərsə, bizim vətəndaşlarımız arasında olan mübahisələr də peşəkar mediatorlar vasitəsi ilə bir o qədər azalmış olar.” – deyə, sədr əlavə edib.

Nadir Adilov sonda keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediatorlara və mediasiya təşkilatlarına barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə hüquq xidməti göstərən hüquqşünaslara da dərin təşəkkür edib.

Xəbəri paylaş: