Kaliforniya qubernatoru Gavin Nevsom 7 bal gücündə zəlzələdən sonra ştatda fövqəladə vəziyyət elan edib.
Rezonans.az xəbər verir ki, bəyanat "X" sosial şəbəkəsində dərc olunub.
Mesajda Nevsom qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına əlavə resursların yönəldilməsinə imkan verəcək. Onun sözlərinə görə, səlahiyyətlilər əyalət sakinlərinin təhlükəsizliyini təmin etmək və lazımi ehtiyat tədbirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün səy göstərir.
Dekabrın 5-də Kaliforniyada zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 56 km aralıda yeraltı təkanlar qeydə alıb.
Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilib, lakin daha sonra Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən ləğv edilib. Hələlik xəsarət alanlar barədə məlumat verilmir.