Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində 11 saxlama məntəqəsində 33 başçəkmə həyata keçirib.
Rezonans.az-ın xəbərinə görə, başçəkmələr məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün olub.
Bundan başqa BQXK əməkdaşları tərəfindən yanvar-iyun ayları ərzində 1,127 itkin ailəsi ziyarət edilib və onlardan 53-nə təməl psixososial dəstək göstərilib:
"Eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət həyata keçirilib. Bununla yanaşı, 90 itkin ailəsi üzvünün anım mərasimində iştirak edib. 28 sirdaş ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərlə bağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaq bacarıqlarını artırıb".