“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Bakı şəhəri 179 və 322 nömrəli tam orta məktəblərində, Gəncə şəhəri M.Hadi adına 10 nömrəli, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəblərində, Qəbələ rayonu T.Yaqubov adına Bum qəsəbə və H.Rəşidov adına 2 nömrəli Vəndam qəsəbə tam orta məktəblərində, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli və R.Məmmədov adına 5 nömrəli tam orta məktəblərində təlimlər təşkil olunub.
Rezonans.az xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimlərdə çıxış edərək rəqəmsal mühitdə mövcud təhlükələr və onlardan müdafiə üsulları, bu istiqamətdə qanunvericilik aktları barədə məlumat verib. Təlimlərdə kiberbullinq, internet asılılığı, zərərli oyunlar, arzuolunmaz məzmunlu materialların uşaqlara təsirləri qeyd edilib, internet mühitində təhlükəsizliyin təmini istiqamətində şagird və valideynlərə tövsiyələr verilib. Eyni zamanda, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması istiqamətində Ombudsmanın fəaliyyəti, habelə uşaqların Müvəkkilə müraciət imkanları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Təlimlərdə iştirakçılara müxtəlif tapşırıqlar təqdim edilib, onların fikirləri dinlənilib, müzakirələr aparılıb. Keçirilən təlimlərdən 1000 nəfərdən artıq şagird, 400 nəfərdən artıq valideyn faydalanıb. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri də həmin təlimlərdə müvafiq mövzular üzrə çıxışlar edib.
Təlimlərdə uşaq hüquqları və rəqəmsal mühitdə təhlükəsizliyə dair müxtəlif maarifləndirici materiallar, o cümlədən Ombudsman Aparatı tərəfindən hazırlanmış nəşrlər iştirakçılara paylanıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiyalardan düzgün, təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmək və onların hüquqlarının qorunmasını təmin etməkdir.