Mediasiya prosesi münaqişə tərəfləri arasında yaxşı münasibətlərin yaradılması və qorunub saxlanması məqsədilə istənilən mübahisə üzrə tətbiq edilə bilər. Bunun üçün tərəflər qarşılıqlı razılaşma ilə istədikləri mediatoru seçib ona müraciət edə bilərlər. Mediatorlar barədə məlumatlar mediatorların rəsmi reyestrində yerləşdirilmişdir. Qanunvericiliyə uyğun olaraq ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etməsi məcburidir. Əks halda mübahisə üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməyəcəkdir.
Mediasiya prosesinin müddəti nə qədər olur?
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
Mediasiya prosesində kimlər iştirak edir?
Mediasiya prosesində prosesə cəlb olunmuş tərəflər, mediator və ya bir neçə mediator (əgər tərəflər bu barədə razılığa gəliblərsə), tərəflərin nümayəndələri iştirak edə bilər. Tərəflərin razılaşması ilə mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahə üzrə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilər.
Mediasiya prosesi necə keçir?
Tərəflər mediatorla birlikdə müəyyən olunmuş yerdə görüşürlər. Mediator tərəflərə mediasiya prosesinin qaydaları və proses iştirakçılarının hüquq və vəzifələri barədə məlumat verir. Öz qərəzsizliyini, neytrallığını təsdiq edir. Sonra hər bir tərəf mübahisəni təsvir edir, mövqeyini bildirir, mübahisənin həlli üçün təklif verir. Bundan sonra mediator tərəflərin marağını aydınlaşdırr, tərəflərin birgə, qarşılıqlı razılaşma ilə hər bir tərəf üçün sərfəli qərar qəbul etməsinə kömək edir. Mediatorun təklifi və tərəflərin razılığı ilə tərəflərlə ayrı-ayrılıqda fərdi sessiyalar da keçirilə bilər. Sonda mediator tərəflərə barışıq sazişinin tərtib edilməsində kömək edə bilər.
Mediasiya prosesi məhkəmə araşdırmasından nə ilə fərqlənir?
Mediasiya prosesi hər iki tərəfin istəyi ilə başlayır, məhkəmə araşdırması isə bir tərəfin iddia qaldırması ilə, digər tərəfin və ya tərəflərin iradəsinə uyğun olmasa da başlayır. Məhkəmə hakimiyyət səlahiyyətinə malikdir, mediator isə yalnız tərəflərə onlar üçün sərfəli olan qərarın qəbulunda kömək edir. Mediasiya prosesində tərəflər əməkdaşlıq edir, məhkəmədə isə məcburetmə sistemi işə düşür. Məhkəmə prosesi prosessual qaydada bitir, məhkəmənin qəbul etdiyi qərarla bir tərəf udur, digər tərəf uduzur, mediasiyada isə uduzan tərəf olmur, qərarı tərəflər qəbul edir, saziş əldə edilirsə bu, bütün tərəfləri qane edir, tərəflər istədikləri vaxt mediasiya prosesini sonlandıra, tərk edə bilirlər.
Əgər tərəflərdən biri mediasiyada əldə edilmiş barışıq sazişi üzrə öhdəliklərini icra etmirsə nə baş verir?
Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur
Mediasiyanın xərci nə qədər olur və necə müəyyən olunur?
Mediatora və ya mediasiya təşkilatına ödənilən haqqın məbləği mediasiya sessiyası başlanana qədər tərəflərlə mediator və ya mediasiya təşkilatı arasında bu bağlanan müqavilədə müəyyən olunur.
İlkin mediasiya prosesinə necə başlayaq?
Bunun üçün iddia qaldıran tərəf digər tərəfə və ya tərəflərə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərir, 10 gün gözləyir, təklifə cavab gəlməsə və ya rədd cavabı gəlsə mediasiya prosesinin keçirilməsi və mediator təyin edilməsi üçün ərazi üzrə mediasiya təşkilatına Təklif və mediasiya üçün müraciətin nümunələri göndərilməlidir.
Mələkxanım Məmmədli
Mediator