Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Rezonans.az xəbər verir ki, ilk öncə tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım tədbirində çıxış edən idarə rəisi Azər Xankişiyev bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 32 il ötsə də, xalqımız indiyədək bu faciəni unutmur, azadlığa gedən bu yolda göstərilən qeyrət, iradə və hünərlə fəxr edir.
İdarə rəisi Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoysa da, ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra verilib.
Azər Xankişiyev bildirib ki, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.
Sonra idarənin Baş mühəndisi Xəyal Bağırov çıxış edib.
Xəyal Bağırov 20 Yanvar hadisələrinin tariximizə suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzi kimi daxil olduğunu bildirib.
Baş mühəndis həmin günlərdə haqsızlıq və ədalətsizliyə etiraz edən dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən cinayət olduğunu qeyd edib.