
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin müşavirədəki çıxışı nəqliyyat infrastrukturunun inkişafının ölkə üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Müşavirədə Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması məqsədilə görülən işlər və qarşıya qoyulan hədəflər ətrafında geniş müzakirələr aparıldı. Dövlət başçısının vurğuladığı məsələlər həm şəhər daxilindəki tıxac problemini, həm də ölkənin müxtəlif regionlarında nəqliyyat sisteminin inkişafını hədəfləyən yeni layihələri əhatə edir.
Prezident İlham Əliyev çıxışında Bakı şəhərində son illərdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən böyük layihələri diqqətə çatdırdı. Bu layihələrə metro stansiyalarının tikintisi, yeni yolların çəkilməsi, körpülərin və tunellərin inşası daxildir. Lakin, buna baxmayaraq, paytaxtda tıxacların hələ də müşahidə edilməsi və əhali artımının bu tıxacları daha da ağırlaşdırması probleminin olduğu qeyd olundu.
Sözügedən müşavirə zamanı Bakı şəhərindəki nəqliyyat məsələləri, o cümlədən tıxac problemini həll etmək məqsədilə həyata keçirilən bir çox layihə dövlət başçısının diqqətinə çatdırıldı. Son 15 ildə baş tutan böyük layihələr nəqliyyat sahəsindəki irəliləyişləri təmin etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər bu layihələr icra olunmasaydı, Bakı şəhərində nəqliyyat sistemi tamamilə iflic vəziyyətinə düşərdi. Yeni metro stansiyaları, yol qovşaqları, körpülər və tunellər həm şəhər daxilində, həm də ətraf ərazilərlə əlaqədə müsbət dəyişikliklərə səbəb oldu.
Prezident İlham Əliyev, həmçinin müşavirədə regionun gələcək nəqliyyat perspektivləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və Azərbaycanın bu sahədə atacağı addımlarla bağlı mühüm mesajlar verib. Dövlət başçısı qeyd edib: “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə irəli sürülən strateji layihədir və İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə gətirilib. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmağı hədəfləyir. Dövlətimizin başçısı bu dəhlizin Azərbaycanın haqqı olduğunu vurğulayaraq onun həyata keçirilməsi üçün konkret addımlar atıldığını bildirib.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi