
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Prezident İlham Əliyev verdiyi müsahibədə dövlətimizin beynəlxalq arenada qazandığı uğurları və xarici siyasətinin strateji məqsədlərini diqqətə çatdırıb. Müsahibədə dövlətimizin başçısı Azərbaycanın regional və qlobal məsələlərin həllinə verdiyi mühüm töhfələri vurğulayıb. Dövlət Başçısı müsahibəsində bildirmişdir ki, "ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik." Azərbaycanın coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və fəal beynəlxalq əlaqələri ölkəni Şərqdən Qərbə gedən əsas tranzit yolunda mühüm bir aktora çevirir. Bu strateji yanaşma ölkəmizin regionlararası əməkdaşlıqda liderlik rolunu gücləndirməsinə imkan verir. Azərbaycan həm regional sabitliyin təmin edilməsi, həm də iqtisadi inkişafın təşviqində mühüm rol oynayaraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal məsələlərin həllinə töhfələr verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və dinamik iqtisadi artımı Çin şirkətləri üçün cəlbedici faktorlar sırasında yer alır. "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin dərinləşməsi, Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrilməsinə töhfə verir. Prezident İlham Əliyev xüsusilə nəqliyyat, energetika, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində Çinin aparıcı şirkətlərinin sərmayə qoymaq niyyətində olduğunu qeyd edib. Artıq bu istiqamətdə real addımlar atılmaqdadır. Dövlət başçısı müsahibəsində vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda bir sıra əhəmiyyətli infrastruktur layihələrinə sərmayə yatırır. Xüsusilə sənaye parkları və texnoparklarda Çin texnologiyalarının tətbiqi, alternativ enerji mənbələri sahəsində birgə layihələrin reallaşdırılması ön plandadır. Azərbaycan hökuməti Çin vətəndaşları üçün viza rejimini aradan qaldıraraq, iki ölkə arasında turizm və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Viza tələbinin ləğvi Çinli iş adamlarının və turistlərin Azərbaycana gəlişini asanlaşdıraraq, yeni biznes imkanlarının formalaşmasına töhfə verəcək. Azərbaycanın uğurlu siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bütün bu uğur və nailiyyətlərin əsasını isə ölkə Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası təşkil edir. Azərbaycanın beynəlxalq mövqeyi gücləndikcə, ölkənin inkişafı və sabitliyi daha da möhkəmlənir. Liderlik ölkənin inkişafı və sabitliyi üçün böyük məsuliyyət tələb edir. Hər bir Liderin əsas vəzifəsi öz xalqının maraqlarını qorumaq və ədalətli bir şəkildə fəaliyyət göstərməkdir. Bu prinsip Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təməlində dayanır. Dövlətimizin başçısı liderliyin ən mühüm keyfiyyətinin ədalətlilik olduğunu vurğulayıb. O, hər zaman xalqına həqiqəti söyləyərək, böyük məsuliyyətlə öz vədlərini yerinə yetirib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərilən səylərin nəticəsi olaraq, bu gün Azərbaycan dünya miqyasında sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir. Azərbaycanın dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi.