
Ölkəmizdə mövcud həmrəylik siyasi dialoq radikallarını, xüsusən xaricdəki siyasətbazları narahat edir. Özlərini "mühacir", "vətənpərvər" adlandıran vətən xainləri hər gün sosial şəbəkələrdə, internet kanallarında ölkəmizdə gedən müsbət yönümlü siyasi, iqtisadi proseslərə mənfi don geyindirməyə çalışırlar.
Radikal təfəkkürlü bu vətən xainlərinin əsas məqsədi ixtilaflar yaratmaq, insanları dövlətə, xalqa qarşı çevirməkdir. Hər bir Azərbaycan vətəndaşı onların bu xain niyyətini anlamalı və bu bəd niyyətləri cavablandırmalıdır.
Avropadakı "mühacirlər" özlərini Azərbaycanlı adlandırsalar da əslində Azərbaycan dövlətinə və xalqına düşmən kəsiliblər. Demokratik dəyərlərdən, siyasi həmrəylikdən dəm vuranlar Azərbaycanda cinayət törədən hər kəsi siyasi məhbus kimi qələmə verirlər. Bir neçə ay bundan əvvəl baş vermiş yol nəqliyyat hadisəsi zamanı içtimai asaişi pozaraq dövlət əmlakına ziyan verənlər məsuliyyətə cəlb edilmişdilər. Avropada kiminsə qoltuğuna sığınıb xaricdəki ağalarına xidmət edən ünsürlər məsuliyyətə cəlb olunmuş bu şəxsləri siyasi məhbus adlandırırlar. Bu, siyasi əxlaqsızlığın, riyakarlığın ən bariz nümunəsidir. Doğrudanmı bu nankorlar Azərbaycanda ölkə rəhbərliyi tərəfindən siyasi dialoqa, həmrəyliyə xidmət edən təşəbbüsləri görmürlər? Əslində, görürlər, sadəcə ağalarının əmrlərini yerinə yetirməyə məhkumdurlar.
Son 5 ildə hakimiyyətin siyasi dialoqu ilə bağlı bütün təşəbbüsləri ictimaiyət tərəfindən yüksək qiymətləndirilir. Cari ilin fevralın 25-də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən dəyirmi masa təşkil olunmuşdur. Tədbir Azərbaycanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırıldı. Bu ondan xəbər verir ki, ölkə rəhbərliyi siyasi dialoqla bağlı bütün təşəbbüsləri açıq şəkildə ictimailəşdirir. Tədbirdə siyasi partiyaların rəhbərləri ilə yanaşı alimlər, siyasi şərhçilər də iştirak edirdilər. Bu siyasi dialoq Azərbaycanda siyasi ekspertlərin və peşəkar siyasi təhlilçilərin formalaşmasına xidmət edir. Dəyirmi masada Milli Məclisin aparatının, MSK, ədliyyə və maliyyə nazirliklərinin nümayəndələrinin iştirak etməsi iqtidarın müxalifətlə konstruktiv dialoqa önəm verməsinin sübutudur. Radikallar da anlamalıdırlar ki, ixtişaşlar dialoqa, siyasi sabitliyə yox, xaosa, tənəzzülə aparır.
Tədbirdə Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən siyasi partiyalar ilə əməkdaşlığın ölkədə siyasi sabitliyə xidmət etməsinə və ümummilli məsələlərdə həmrəyliyin nümayişinə böyük töhfələr verdiyini vurğuladı. Bu gün Azərbaycanın güclü dövlətə çevrilməsini şərtləndirən əsas amillərdən biri ölkədə həmrəyliyin, iqtidar-xalq birliyinin mövcud olmasıdır.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor