
Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan qadınları tarixən ictimai və siyasi həyatda fəallıqları ilə seçilmiş, cəmiyyətin mühüm məsələlərində iştirak etmişlər. Müstəqillik illərində isə bu proses daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən qadın siyasəti yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət qadın siyasəti qadınların yalnız sosial-mədəni sahələrdə deyil, həm də dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sektorlarında və ictimai-siyasi proseslərdə geniş iştirakı üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gender siyasəti qadınların hüquqlarının qorunması və onların imkanlarının artırılması istiqamətində mühüm addımlarla xarakterizə olunur. Qadınların təhsil alması, iqtisadi imkanlarının genişləndirilməsi, kiçik və orta sahibkarlığa cəlb olunması, həmçinin liderlik qabiliyyətlərinin inkişafı üçün həyata keçirilən proqramlar bu siyasətin tərkib hissəsidir. Dövlətin qadın siyasətinin uğurla icra edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu da əvəzsizdir. Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadınlarına örnək olaraq onların ictimai fəallığını artırır və gender bərabərliyi sahəsində önəmli təşəbbüslərlə çıxış edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi