
Azərbaycan qadını tarixin bütün dövrlərində, çətin siyasi-tarixi aşamalarında hünər və ləyaqətilə fəaliyyət göstərmiş, vətənimizin müdafiəsində yaxından iştirakdan tutmuş, siyasət və dövlət quruculuğu sahəsinə qədər bütün müstəvilərdə adını tarix səhnəsinə qürurla həkk etmişdir. Ötən əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm fəaliyyətləri ilə önə çıxmışlar.
1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əldə etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiyyətin müxtəlif sferalarında fəaliyyət göstərmələrinə zəmin yaratdı. İndi cəmiyyət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları daha çox bərabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium və konfranslar gender problemlərinə həsr olunur. 1990-cı illərdən başlayaraq, Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilməlidir. Hazırda dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Ölkə başçısının 2006-cı il 6 fevral tarixli qərarı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması isə bu sahəyə dair problemlərin nəzarətdə saxlanması və mütərəqqi qaddımların atılması istiqamətində mühüm diqqət sayılmalıdır.
Kamran Qasımov
YAP Tovuz rayon təşkilatının məsləhətçisi