
Azərbaycanda hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələr müəyyənləşir.
Rezonans.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Layihəyə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.
Daha bir dəyişikliklə kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların ve qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Təklif edilən daha bir dəyişikliyə görə isə təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin avadanlığın ve sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə isə fiziki şəxslər 2 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 8 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə təklif edilən növbəti dəyişikliklə uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə müəyyən edilir.
Sənəd heyət üzvləri ilə bağlı dəyişikləri də özündə ehtiva edir. Belə ki, heyət üzvünün uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3 min manat məbləğində cərimə edilir.
Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.