
Martın 11-də Azərbaycan Respublikasının paytaxtı Bakıda Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü keçirilib. Görüş zamanı hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış edərək ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. Bu səfər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Azərbaycan və Şimali Makedoniya arasında enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın Qərb istiqamətində, xüsusilə son illər daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə edir. Avropa birjalarında təbii qazın qiymətinin artması Balkan dövlətlərini ciddi şəkildə düşündürür və belə olduğu halda, enerji təhlükəsizliyinin təmin olunması məqsədilə alternativ həllərin araşdırılması zəruriləşir. Bununla yanaşı, Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya və Avstriyada enerji problemlərinin artması gözlənilir. Bu baxımdan, Azərbaycanın zəngin enerji ehtiyatlarından faydalanmaq bu ölkələrin maraq dairəsindədir. Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq enerji bazarlarında daha geniş təsir imkanlarına sahib olmasını və enerji nəqliyyat dəhlizləri üzərindən regional təsir gücünü artırmasını təmin edir. Beləliklə, Azərbaycan və Şimali Makedoniya əlaqələri enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət kəsb edən bir faktora çevrilir. Prezident İlham Əliyev çıxışında Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoqun dinamik inkişaf etdiyini vurğulayıb. O, qısa müddət ərzində ikinci görüşün keçirilməsini bu prosesin əyani sübutu kimi dəyərləndirib. Prezident siyasi əlaqələrin daha da genişləndirilməsi üçün dövlət qurumları arasında sıx təmasların vacibliyini qeyd edib. Diplomatik əlaqələrin sadələşdirilməsi üçün diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin aradan qaldırılmasını təklif edən Silyanovska-Davkova, bu addımın xalqlar arasında yaxınlaşmaya xidmət edəcəyini vurğulayıb. O, həmçinin turizm, elm və universitetlər arasında əməkdaşlıq kimi yeni sahələrdə potensialın olduğunu qeyd edib.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi