
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Min illər əvvəl əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib.
Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belə də tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşadılıb. Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (su, od, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə malikdir. Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir. Bayram və mətbəx anlayışları bir-biri ilə sıx şəkildə bağlıdır. Bayram xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası inamını özündə yetkin şəkildə birləşdirir. Zəngin mətbəxi olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə olmayıb, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir. Azadlıq duyğusunun, gerçəkliyinin mayasında hər an məsuliyyət durmalıdır. Xalq ruhunun minillərin sınağından keçib gələn məntiqi bizə bunu deyir. Bu mənada əskidən bəri milli ruhumuzun təməli üstə inkişaf etmiş mətbəx mədəniyyətimizi ömrümüzdə, məişətimizdə tam bərpa etmək, bu sahədəki adət-ənənələri ardıcıl, yaradıcılıqla inkişaf etdirmək, yaşatmaq qaçılmazdır. Novruz, sosial harmoniya və sülhün daha da möhkəmləndiyi bir bayramdır, hansı ki, xalq birləşir, dostluq qurur, müxtəlif sosial qruplar arasında qarşılıqlı hörmət və anlaşma yaranır. Novruz bayramı, Azərbaycanın siyasi, sosial və ekoloji inkişafını əks etdirən, həm də ölkəmizin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirən bir bayramdır. Novruz bayramı özündə milli folklorun bütün çalarlarını ehtiva edir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi