
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə paytaxtımız Bakı şəhərində martın 13 -15-də XII Qlobal Bakı Forumu keçirilir. Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət tərəfindən olduqca nüfuzlu bir tədbir kimi qəbul edilir.
Bu dəfəki tədbirdə dünyanın bir sıra ölkələrinin prezidentləri, Baş nazirləri, parlamentariləri, eləcə də sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumun mövzusu son dövrlər dünyada aktual olan bir məsələyə "Dünya düzəminin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" nə həsr olunur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəz dünyada qlobal problemlərin həlli yollarının araşdırılması və bu barədə dünya ictimaiyyətini məlumatlandıran çox vacib beynəlxalq təsisata çevrilib. Məhz bu səbəbdən Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumuna maraq hər il artmaqdadır. Ölkəmizin bu cür nüfuzlu tədbirlərə ev sahibliyi etməsi və iştirakçılarının saylarının hər il artması Azərbaycana olan böyük etimadın, Prezidentimiz cənab İlham Əliyevin siyasətinə verilən yüksək qiymət və dəstəyin nümunəsidir. Budəfəki Forumda da dünyanın müxtəlif regionlarından 400-ə qədər nüfuzlu siyasi xadim, 50-dən çox fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, eləcə də BMT-nin struktur rəhbərləri, nüfuzlu alimlər və ekspertlər iştirak edirlər.
XII Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlər, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, eləcə də postmünaqişə dövründə bərpa-quruculuq işləri kimi vacib mövzular müzakirə olunacaq. Eyni zamanda "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" mövzularında panellərlə yanaşı Yaxın Şərq, Ukrayna-Aİ məsələlərinə həsr olunmuş sessiyalar da keçiriləcək. Ümumilikdə Forumda bir çox sahələri əhatə edən qlobal əhəmiyyətli məsələlər də müzakirə ediləcək.
Prezident cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan bu gün dünyada ən stabil və təhlükəsiz bir dövlətə çevrilmişdir. Bu gün ölkəmizdəki ictimai-siyasi stabillik, dinamiki iqtisadi artım, uğurlu və balanslaşdırılmış xarici siyasət, sosial rifah səviyyəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünyada Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı ölkəmiz sivilizasiyalararası dialoq və qlobal əməkdaşlığın pıatfotmasına çevrilmişdir.
Dünyanın bir sıra regionlarından iştirakçıların qatılması Forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfələri və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirəcək. Forum Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və stabillik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək. Bu gün Azərbaycan həm də multikultural ölkə kimi tanınır.
Bu sahədə Azərbaycanda mövcud vəziyyət dünya dövlətlərinə örnəkdir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi "Multikulturalizm Azərbaycanın dövlət siyasətidur". Forumda multikultural dəyərlərin təbliği də öz əksini tapacaq. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edəcək, dünyanın diqqəti qlobal problemlərin həll edilməsinə yönələcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor