
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, habelə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji sahəsində mühüm beynəlxalq dialoqun təcəssümünə çevrildi. Enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və qlobal əməkdaşlıq bu tədbirin əsas müzakirə mövzularını təşkil etdi. Tədbirin yaşıl enerji ilə bağlı hissəsində Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri diqqətə çatdırılıb. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsalı planlaşdırılıb. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur.
Yaşıl Enerji Məşvərət Şurasının iclasında müzakirə olunan önəmli məsələlərdən biri də Azərbaycandan Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsi idi. Bu layihə texniki əsaslandırma mərhələsindədir və yaxın vaxtlarda maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Bu kabelin çəkilməsi, Azərbaycanın yaşıl enerjisini birbaşa Avropa bazarına çıxarmaq baxımından strateji əhəmiyyət daşıyır. Tədbirdə Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndələri iştirak etdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına Bakı şəhəri ev sahibliyi edir. Bu da təsadüfi deyil. Çünki dünyanın ən mühüm meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan, daha dəqiq desək, Prezident İlham Əliyevdir. Meqalayihənin təşəbbüsü irəli sürüləndə bəzi qüvvələr, xüsusilə də ölkəmizə qarşı olan dairələr onun həyata keçirilməsi ehtimalının az olduğunu, hətta, ümumiyyətlə, reallaşmayacağını deyirdilər. Lakin zaman bunun əksini sübut etdi. On dörd il əvvəl təşəbbüs kimi irəli sürülən bu möhtəşəm meqalayihə artıq reallaşıb və öz bəhrəsini verməkdədir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi