
2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin strateji xəttini, gələcək prioritetlərini və qlobal çağırışlar fonunda bu əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri bir tərəfdən mövcud tərəfdaşlıq modelinin dərinliyini, digər tərəfdən isə onun inkişaf potensialını göstərməklə gələcək əməkdaşlığa yeni üfüqlər açır. Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə həm Azərbaycan-Çin münasibətlərinin siyasi-institusional arxitekturasını, həm də bu əlaqələrin geosiyasi əhəmiyyətini təhlil etməyə imkan verir. Çinlə strateji tərəfdaşlıq Azərbaycanın Asiya istiqamətində diplomatik fəaliyyətinin mühüm dayağına çevrilir. Bu, cənab Prezidentin düşünülmüş və ardıcıl xarici siyasət xəttinin tərkib hissəsi olmaqla yanaşı, qlobal güc mərkəzləri ilə balanslı əməkdaşlığın uğurlu nümunəsidir. Dövlət başçısı Azərbaycanın beynəlxalq siyasətdə ədalətli və çoxtərəfli yanaşmanı dəstəklədiyini bir daha bəyan edərək BMT prinsiplərinə sadiqliyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qlobal Cənubun maraqlarını müdafiə etməsi və ŞƏT ilə əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq münasibətlərdə konstruktiv rol oynadığını sübut edir. Cənab Prezident Çinin rəhbəri Si Cinpinin müdrik və uzaqgörən siyasətinə yüksək qiymət verdi. Çinin qlobal güc kimi formalaşmasında əldə etdiyi nailiyyətlər, İlham Əliyevin fikrincə, təkcə Çin üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün də mühüm əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə, həmçinin Bakı ilə Pekin arasında liderlər səviyyəsində formalaşan qarşılıqlı etimadın siyasi təzahürüdür.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi