Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur

img

Prezident İlham Əliyevin bu günlərdə Cin Xalq Respublikasına dövlət səfəri maraqlı hadisələrlə, tarixi məqamlarla diqqət çəkdi. Bütün dünya ictimaiyyətinin maraqla izlədiyi bu səfər Qlobal Cənubun dünya siyasətindəki roluna, regionda baş verən hadisələrin təhlilinə bir baxış idi. Səfər ərəfəsində bu ölkənin Sinxua agentliyinə, səfər zamanı CGTN telekanalının «Danışır liderlər!» verilişinə müsahibələrində Çin-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində yeni keyfiyyətlə, dünya siyasətinə uyğun davam etdiyini bildirən Prezident İlham Əliyev hər iki ölkə arasındakı əlaqələrin tarixi, müasir dövrdəki inkişafı ilə bağlı mühüm məqamlara aydınlıq gətirdi. 

Son illər Azərbaycan Respublikasının xarici siyasət hədəflərindən birini də Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsi təşkil edir. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Prezidentin sözləri ilə desək, liderlər və hökumətlər dost ola bilər, lakin xalqlar arasında da dostluq və yaxınlıq olmadan bu əlaqələr tam mənada uğurlu sayılmaz. Bu kontekstdə viza rejiminin tamamilə aradan qaldırılması tarixi hadisədir. Azərbaycan ötən il birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə qarşılıqlı rejim tətbiq olunur və artıq Azərbaycan vətəndaşları sadəcə bilet alaraq Çinə səfər edə bilirlər. Bu, turizmin və mədəni mübadilələrin inkişafı üçün geniş imkanlar yaradır. Bu gün Azərbaycan və Çin arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin Çinə rəsmi səfərləri, beynəlxalq tədbirlərdə Çin liderləri ilə görüşləri iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da möhkəmləndirib. 2024-cü ilin iyul ayında Astanada keçirilən görüşdə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlib. Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Liderlərin siyasi iradəsi  Azərbaycan və Çin arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün güclü stimul yaradır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: