
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində keçirilmiş ikitərəfli görüşlər və birgə mətbuat konfransı maraqlı məqamlarla yadda qalıb. Buradakı rəsmi çıxışlarda vurğulandığı kimi, enerji təhlükəsizliyi məsələləri qlobal gündəlikdə prioritet təşkil etdiyi bir zamanda Azərbaycanla Macarıstan arasında bu sahədə qurulmuş tərəfdaşlıq müsbət qarşılanır.
Ölkəsmmizin başçısı bəyanatında bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində sabit və etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın enerji resurslarının şaxələndirilmiş yollarla bazarlara çıxarılması, xüsusilə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təchizatın təmin edilməsi bu nüfuzun mühüm dayaqlarından biridir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası onun dünya dövlətləri ilə ikitərəfli əlaqələrinin yaranmasına, siyasi münasibətlərin genişlənməsinə, bu münasibətlər əsasında iqtisadi, mədəni əlaqələrin də genişlənməsinə şərait yaratdı. Azərbaycan qısa müddətdə dünyanın əksər dövlətləri ilə siyasi əlaqələrini dünyəvi siyasət sisteminə inteqrasiya edə bildi. Belə dövlətlərdən biri də Macarıstan oldu. Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla Budapeştdə verdiyi bəyanat bu münasibətlərin dərinliyini, Azərbaycanın regional siyasətdəki mövqeyini və enerji diplomatiyasındakı rolunu aydın şəkildə ortaya qoydu. Prezidentin çıxışı həm diplomatik nəzakət, həm də strateji mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan və Macarıstanın qarşılaşdığı oxşar çətinliklərə – dənizə çıxış imkanının məhdudluğu və münaqişə bölgələrinə yaxınlıq mövzusuna toxunaraq, iki ölkəni yaxınlaşdıran əsas amillərdən birinin ortaq tarixi və mədəni köklər olduğunu vurğuladı. Prezident Əliyevin bəyanatında ən diqqətçəkən məqamlardan biri Macarıstanın müstəqil siyasətinə verdiyi yüksək qiymət oldu. Azərbaycan lideri Macarıstanı Aİ məkanında nadir müstəqil siyasət yürüdən ölkələrdən biri adlandırdı və bu cür yanaşmanın siyasi iradə, strateji baxış və milli maraqlara sadiqlik tələb etdiyini bildirdi. Bu, aydın şəkildə Macarıstanın milli maraqları əsas götürən və Aİ-nin ümumi siyasi xəttindən fərqlənən mövqeyinə verilən dəstək kimi qiymətləndirilə bilər. Macarıstan üçün enerji təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir. Dənizə çıxışı olmayan bu ölkə üçün alternativ və sabit mənbələr üzrə əməkdaşlıq olduqca vacibdir. Cənab Orban Azərbaycanın Macarıstanın qaz təchizatını sabit şəkildə təmin etməsini yüksək qiymətləndirdi və bu əməkdaşlığın davam etdiriləcəyinə dair verilmiş təminatları vurğuladı. Həmçinin, Macarıstan şirkətlərinin Azərbaycandakı enerji layihələrində iştirakı iqtisadi olduğu qədər, siyasi etimad baxımından da əhəmiyyətlidir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi