Türk dünyasında səmərəli əməkdaşlıq və davamlı yüksəliş

img

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi önəm daşıyır. Regionda və qlobal miqyasda artan geosiyasi çağırışlar və yeni iqtisadi düzənə keçid fonunda keçirilən bu görüş türk dövlətlərinin ortaq dəyərlər əsasında bir araya gəlmək iradəsini və bu istiqamətdə irəliləmək əzmini nümayiş etdirir.

Zirvə çərçivəsində Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir. Türk dövlətləri arasında qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi üçün nəqliyyat və logistika imkanlarının artırılması həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq vurğulanan məqam – Azərbaycanın bu sahədə yaratdığı infrastruktur Türk Dövlətləri Təşkilatının üzvlərinə Şimaldan Cənuba və Şərqdən Qərbə yükdaşımaların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Xəzər dənizində 50-dən artıq ticarət gəmisinə sahib olması Azərbaycanın dəniz nəqliyyatında regional güc kimi çıxış etdiyini göstərir. Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəminin inşası isə bu potensialın daha da genişləndirilməsinə yönəlib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı 25 milyon tonluq perspektiv yükaşırma qabiliyyəti ilə Mərkəzi Asiya ilə Avropa arasında quru və dəniz yollarını birləşdirən strateji mərkəzə çevrilməkdədir. Hava nəqliyyatı sahəsində də Azərbaycan möhkəm infrastruktur formalaşdırıb. Hazırda ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, yaxın zamanda 9-cu hava limanının istifadəyə verilməsi planlaşdırılır. Xüsusi qeyd edilməlidir ki, bu hava limanlarından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində salınıb. Eyni zamanda, illik 1,5 milyon ton yük qəbul edə biləcək müasir karqo terminalının tikintisi ölkəmizin regional aviasiya və logistika mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır. 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında da öz sözünü deməyi bacardığını sübut edib. Prezident İlham Əliyevin bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərini vurğulaması Azərbaycanın qlobal iqlim gündəliyinə töhfə verən məsuliyyətli dövlət statusunu bir daha ortaya qoyub. Ölkəmizin bu konfransa ev sahibliyi etməsi yalnız ekoloji deyil, həm də siyasi və diplomatik baxımdan əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğuna dəlalət edir. COP29-un uğurla təşkili, həmçinin Azərbaycanın yaşıl enerji keçidi, alternativ enerji mənbələrinin təşviqi və ekoloji təhlükəsizlik sahəsində müəyyən etdiyi strateji hədəfləri dünya ictimaiyyətinə nümayiş etdirib. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamə TDT-nin inkişaf trayektoriyasını və gələcək fəaliyyət mexanizmlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir. Sənəddə müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi bəyan edilir. Bu, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından əlamətdar hadisədir. Həmçinin Bəyannamədə irqçilik, islamofobiya və nifrət nitqinə qarşı beynəlxalq miqyasda birgə mübarizə çağırışı Türk dövlətlərinin ortaq dəyərlər, mədəni irs və dini etiqadların qorunması məsələsində vahid mövqedə olduqlarını nümayiş etdirir. Nəticə etibarilə, Budapeştdə keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və təqdim etdiyi göstəricilər Azərbaycanın yalnız TDT çərçivəsində deyil, ümumilikdə Türk dünyasında önəmli mövqeyə sahib olduğunu bir daha sübut edir. Azərbaycan özünün yerləşdiyi coğrafi məkan, malik olduğu enerji və nəqliyyat infrastruktur imkanları, həmçinin çevik diplomatiyası türk dövlətləri arasında əməkdaşlığı təşviq edən effektiv amildir.

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: