
15 İyun – Milli Qurtuluş günü xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri olmaqla tariximizə qızıl hərflərlə yazılmışdır. Tarixi Qurtuluş günündən bizi 32 illik zaman ayırır. Bu tarix Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində,əbədi olmasında və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu və inkişafımızın sarsılmaz təməlləri qoyuldu.
Dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edən bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazılıb. 1991-1993-cü illər ərzində Azərbaycanda dövlətin suveren mövcudluğuna çoxsaylı təhdidlər yaranmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələnmişdi. Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də Heydər Əliyevdən kömək istəməyə məcbur oldu. Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Milli Qurtuluş Günundən başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır. Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur. Ümummilli Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır. Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda keçirdiyi VII qurultayında dövlət başçısı İlham Əliyev böyük əminliklə qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP-ın üzvlərinin sayı 800 minə yaxındır. Bu, böyük ordudur. Bu ordunun silahı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır, Dövlət proqramlarını təsdiqləyir. Bu gün xalqımız görür ki, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Əminik ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək,böyük uğurlar qazandıracaqdır.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi