
15 iyun 1993-cü il Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin qayıdış və xilaskarlıq missiyasının rəmzinə çevrilmiş Milli Qurtuluş Günü həm də əsl müstəqilliyimizin bərqərar olmasının rəmzidir.
Qurtuluşa gedən yol çətin və sınaqlı mərhələlərdən keçib. Bu yol Azərbaycanın ayrılmaz bölgəsi olan Naxçıvan Muxtar Respublikasından başlamışdı. Ulu Öndərin rəhbərlik etdiyi Naxçıvan müstəqil Azərbaycan dövlətinin milli mübarizəsinin, müstəqillik ideallarının yarandığı və yaşandığı, ali məqsədə çatmaq üçün siyasi bünövrə və möhtərəm məbədgah idi. Heydər Əliyev böyük dövlətçilik təcrübəsini müstəqillik dövrünün yeni tələbləri ilə zənginləşdirməyə, Naxçıvanın tarixi inkişafında əvəzedilməz bir səhifə yazmağa nail olmuşdu. Ulu Öndərin hakimiyyətə qayıdışı üçün xalqın bir ildən çox davan edən israrlı təkidlərinin qarşısını hər vəchlə almağa çalışan AXC-Müsavat iqtidarı Azərbaycanın fəlakətdən xilas ola bilməyəcəyini anlayaraq Heydər Əliyevin Bakıya gəlməsini istəyirdi. Naxçıvana edilən telefon zəngləri və xahiş teleqramları bitmirdi. Ümummilli Lider isə, öz növbəsində, doğma Vətənini dar gündə tək qoya bilməzdi. O, bu ağır dövrdə öz həyatını riskə ataraq canından əziz sevdiyi Azərbaycanın nicatına yetişdi. Nəhayət, 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, 15-də isə Ali Sovetin (parlamentin) sədri seçildi. Parlamentin həmin gün keçirilən iclasında Heydər Əliyev bildirirdi ki, “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində o, Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, dayanqlı sabitlik, asayiş, əmin amanlıq dönməz xarakter aldı, vətəndaşların dinc həyat ritmi bərpa olundu. Dağınıq və müxtəlif qüvvələrə tabe olan hərbi birləşmələrin yerində nizami və peşəkar ordu quruculuğu bərqərar oldu, I Qarabağ müharibəsində atəşkəs əldə edildi və Azərbaycan milli inkişaf hədəflərini həyata keçirmək imkanı qazandı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” adlanan saziş Azərbaycanın milli inkişafının, gələcək misilsiz uğurlarının möhkəm sütunlarından birinə çevrildi. 15 iyun müstəqil Azərbaycanın dövlətçilik irsində öz layiqli yerini tutdu, parlamentin qəbul etdiyi müvafiq qərara əsasən, 1997-ci ildən etibarən Milli Qurtuluş Günü rəsmi bayram kimi qeyd edilməyə başlandı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günün tarixi-siyasi əhəmiyyətini yüksək dəyərləndirərək bəyan edib ki, “Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Prezident İlham Əliyev möhkəm inamla və dəmir iradə ilə Azərbaycanın artan iqtisadi qüdrətini məharətlə peşəkar və nümunəvi ordu quruculuğuna yönəltdi. Xarici havadarlarına arxalanaraq yeni ərazi iddialarına düşən Ermənistanın 2020-ci ildəki təxribatları onun səbrinin son damlası oldu. Onun rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 günlük Vətən savaşında Zəfər qazanaraq Qarabağ və Şərqi Zəngəzuru 30 illik əsarətdən xilas etdi və Heydər Əliyevin ən müqəddəs arzusunu yerinə yerirdi. 2023-cü ildə bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan torpaqlarında qanunsuz erməni rejiminin kökü birdəfəlik kəsildi, Azərbaycan xalqının 200 illik ali missiyası həyata keçirildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevlə başlayan Qurtuluş Zəfəri Qarabağ Zəfəri ilə tamamlandı, müstəqil Azərbaycanın suverenliyinin, Konstitusiya quruluşunun da bütövləşməsi ilə yekunlaşdı.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi