Azərbaycan və Özbəkistan arasında əlaqələr qardaşlıq və mədəni yaxınlıq əsasında inkişaf edir

img

Azərbaycan və Özbəkistan arasında əlaqələr artıq uzun illərdir ki, qardaşlıq və mədəni yaxınlıq əsasında inkişaf edir. Lakin son dövrlərdə bu münasibətlər sadəcə emosional bağlılıqla deyil, konkret iqtisadi və geosiyasi maraqlarla daha da dərinləşib. Xüsusilə beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafı fonunda iki ölkənin əməkdaşlığı daha qlobal miqyas alır. 

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və mətbuata verilən bəyanat yalnız diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də regional geosiyasi reallıqların təhlili baxımından əlamətdar hadisə oldu. Azərbaycan və Özbəkistan arasında imzalanan çoxsaylı sənədlər və yüksək səviyyəli qarşılıqlı etimad, iki ölkə liderlərinin şəxsiyyətləri və siyasi iradəsi ilə birbaşa bağlıdır. Bu liderlik modeli, daxili sabitliyə əsaslanan xarici siyasət kursunun ən mühüm təzahürlərindən biridir. Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan–Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: