
İşğaldan azad edilmiş Laçın rayonunda və xüsusilə şəhər mərkəzində müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində ciddi işlər görülür. Yeni tibbi müəssisələrin inşası ilə yanaşı, köhnə binalar da əsaslı şəkildə bərpa olunur. Təcili tibbi yardım stansiyaları, poliklinikalar və kənd səhiyyə məntəqələri müasir avadanlıqla təmin edilir. Bu, sakinlərin ilkin tibbi yardıma vaxtında çıxışını təmin etmək üçün mühüm addımdır. Laçında mədəniyyət ocaqları da yenidən inşa edilir və ya əsaslı şəkildə təmir olunur. Laçın şəhərinə və rayonun kəndlərinə gedən yollar tamamilə yenidən salınır. Zəfər yolunun çəkilməsi, Laçın dəhlizi ətrafında müasir nəqliyyat-kommunikasiya şəbəkəsinin qurulması rayonun ölkənin digər bölgələri ilə rahat əlaqəsini təmin edir. Daxili yollar, körpülər və yeni asfalt örtüklü magistrallar həm sakinlərin rahatlığı, həm də iqtisadi aktivliyin artırılması üçün mühüm addımdır. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Rayon zəngin təbiətə, tarixi abidələrə, yeraltı sərvətlərə malikdir. İşğaldan əvvəl rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayıb. İndi Laçın rayonunun əhalisi 80 min nəfərdən çoxdur. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin əhatəsində yerləşən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrdən biridir. Bu ərazi qədim zamanlardan bəri insan məskəni olmuş, Albaniya və Atropatena kimi qədim dövlətlərin tərkibində yer almışdır. Rayonun ərazisində yerləşən Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd və digər arxeoloji abidələr bu ərazinin qədim dövrlərdən bəri insan fəaliyyəti üçün əlverişli olduğunu göstərir. Laçın Şəhəri Günü, yalnız bir şəhərin azad olunmasının deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının simvoludur. Bu gün, həmçinin, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının və bölgənin yenidən dirçəlişinin təntənəsidir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi