Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” müsahibəsi Azərbaycanın postmüharibə dövründə regiondakı rolunu və beynəlxalq siyasətdə artan nüfuzunu nümayiş etdirir

img

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və diplomatik uğurların, eləcə də bölgədə formalaşan yeni reallıqların geniş analitik icmalını təqdim edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və regionda tamamilə yeni geosiyasi konfiqurasiya yarandı. Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi çıxış edərək sülh sazişi layihəsini təqdim edib. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların dəyişdirilməsi prosesin əsas şərtlərindən biridir. Bu dəyişiklik baş verdiyi təqdirdə, tərəflər arasında tamformatlı sülh müqaviləsinin imzalanacağı gözlənilir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu günbəgün artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, son illər  respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Azərbaycana artan diqqət və inamı şərtləndirən amillərdən biri  müstəqil siyasətidir. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir. Dövlətimizin başçısı müsahibədə Zəngəzur dəhlizinin əhəmiyyətini də xüsusi vurğulayıb. Azərbaycanın şərti ondan ibarətdir ki, Naxçıvana gediş-gəliş maneəsiz olmalıdır. Vaşinqton razılaşmasında bu məqam əksini tapıb. Digər tərəfdən, bunun üçün beynəlxalq təhlükəsizlik təminatı da olmalıdır. Zəngəzur dəhlizinin açılması bütövlükdə regionun sülh və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayacaq. Müzəffər Ali Baş Komandanımız müsahibəsində ölkəmizin sülh təşəbbüsləri və bu istiqamətdə atdığı qətiyyətli addımları bir daha aydın şəkildə nümayiş etdirib. Cənab Prezidentin vurğuladığı kimi, məhz Azərbaycan Ermənistanla sülh danışıqlarına birinci başlamağı təklif edərək bu sazişin layihəsini təqdim edib. Belə taktiki  siyasi gediş Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün nə qədər səmimi və prinsipial mövqe tutduğunu  göstərir. Dövlətimizin başçısı müsahibəsində xüsusi olaraq vurğulayıb ki, Ermənistanla sülhün davamlılığı üçün əsas prinsipin qarşılıqlı şəkildə yerinə yetirilməsidir. Ermənistan dəfələrlə götürdüyü öhdəliyə əməl etməyib, verdiyi sözün arxasından qaçıb. Ola bilər ki, gələcəkdə Nikol Paşinyandan sonra hakimiyyətə gələn hər hansı bir daşnak onun qəbul etdikləri sənədləri qüvvədən salıb arxivə atar. Çünki onlar bizə və qardaş Türkiyəyə qarşı barbar hərəkətlər ediblər, yəni inamı itiriblər. Prezidentimiz buna bir daha yol verilməməsi, qan axmaması, yeni erməni nəsillərinin beyinlərində bizə qarşı əsassız düşmənçilyin cücərməməsi üçün uzaqgörən addım atır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: