İnsan arxasından iş çevirmək: Cəmiyyətin mənəvi təhlükəsinə açılan qapı” - Əli Musa yazır...

img

Cəmiyyətin sağlam inkişafı dürüstlük, etibar və açıq ünsiyyət kimi dəyərlər üzərində qurulmalıdır. Lakin bu dəyərləri zədələyən mənfi hallardan biri də insanın arxasından iş çevirməkdir. Bu davranış forması həm fərdi münasibətləri pozur, həm də kollektivlərdə, qurumlarda, bütövlükdə sosial münasibətlər sistemində inamsızlıq və narahatlıq yaradır.

İnsan arxasından iş çevirmək bir şəxsin üzünə başqa, arxasınca isə fərqli, zərərli niyyətlər bəsləməsi deməkdir. Bu, sözlə davranışın uyğun gəlmədiyi, niyyətlə görünüşün bir-birini tamamlamadığı vəziyyətdir. Belə davranışlar yalnız şəxsi mənfəət və ya eqoist məqsədlər naminə edilir. Lakin unutmaq olmaz ki, bu cür halların nəticəsi itirilmiş inam, zədələnmiş münasibətlər və dağılmış kollektiv ruhudur.

Bu problemin kökündə şəxsi komplekslər, rəqabətə dözümsüzlük, özünə güvənsizlik və başqasının uğurunu həzm edə bilməmək dayanır. Arxadan iş çevirən şəxs çox zaman öz zəifliklərini gizlətmək və başqasını kölgəyə salmaq üçün gizli niyyətlərə əl atır. Halbuki açıq, dürüst və sağlam münasibətlər mühiti hər kəsin inkişafına xidmət edir.

Bu məsələ ictimai müzakirəyə açılmalı, ictimai qınaq vasitəsilə bu cür halların qarşısı alınmalıdır. Qeybət, böhtan, qərəzli şikayətlər və intriqa yaratmaq cəmiyyətin ruhunu zəhərləyən təhlükəli davranışlardır.

Arxadan iş çevirmək həm də mənəvi zəifliyin göstəricisidir. Güclü insan tənqidini açıq deyər, iradını üzbə söyləyər və mübarizəsini ədalətli yollarla aparar. Cəmiyyətimiz bu cür insanlara ehtiyac duyur açıq, dürüst və mərd insanlara.

Sonda bir həqiqəti unutmayaq:  
Səmimiyyət etibar qazandırır, arxadan iş çevirmək isə inamı yox edir.

ƏLİ MUSA 
Rezonans.az-ın rəhbəri

Xəbəri paylaş: