
Azərbaycanın tarixi yolunda yeni mərhələ isə 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqləndi. Sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olundu. Bu gün müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün bərpasının və xalqın milli iradəsinin rəmzi olaraq təqvimə daxil edildi. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın 1991-ci ildən bəri keçdiyi çətin və şərəfli yolun məntiqi yekunu hesab olunur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Dünyada hər bir xalq üçün öz taleyinə sahib olmaqdan, müstəqil dövlətə malik olmaqdan müqəddəs bir fmil yoxdur. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 1991-ci ilin əvvəllərində Sovet İttifaqında baş verən siyasi, iqtisadi və sosial böhranlar ittifaq respublikalarında müstəqillik hərəkatlarını gücləndirdi. Azərbaycan xalqı da öz azadlığı və dövlət suverenliyi uğrunda mübarizəyə qalxmışdır. Bu hərəkatın nəticəsi olaraq, 1991-ci ilin 20 sentyabrında Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu sənəd Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həlledici addımlardan biri oldu. Konstitusiya Aktı Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini təsdiqlədi. Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanındı, respublikanın qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başladı. Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi