
Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərkisilah edilərək çıxarılması, törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi üçün 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş bu tarixi əməliyyatla rəşadətli Ordumuz qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib və Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Antiterror tədbirləri nəticəsində Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilmiş, separatçıların əsas rəhbərləri həbs edilmiş və Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu şəhərlərdə dövlət bayrağının ucaldılması tarixi bir hadisə kimi yaddaşlara həkk olunmuşdur. 2023‑cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri‑qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi lokal antiterror əməliyyatı hərbi‑strateji baxımdan müxtəlif aspektlərə malik olmaqla, Azərbaycanın regional mövqeyinə, ordusunun döyüş qabiliyyətinə və gələcək təhlükəsizlik strategiyalarına ciddi təsir göstərib. Antiterror tədbirlərinin ərazinin genişliyi və qeyri-qanuni dəstə üzvlərinin 10 mindən çox olmasına baxmayaraq 24 saatdan az müddətə minumum itki ilə icra edilməsi Azərbaycan ordusunun yüksək peşəkarlıq səviyyəsinin ən mühüm göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əldə etdiyi təcrübə ilə operativ planlaşdırma qabiliyyətini, peşəkar heyət hazırlığını, koordinasiya və komanda idarəetməsini, müasir silah sistemlərindən istifadə bacarığını bir daha nümayiş etdirdi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi