
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Ermənistan müharibə qanunlarına əməl etmədən müharibə aparırdı. İşğal zamanı yaşayış məntəqələri dağıdılırdı, dinc əhali amansızcasına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin təsdiqi kimi tarixləşib. Xocalı faciəsi son yüz illərin ən ağır cinayətlərindəndir. Bu cinayətlərinə görə cəzasız qalmış işğalçı dövlət yeni ərazilər işğal etmək niyyəti ilə 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın ərazilərinə iri miqyaslı hücuma keçdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi; İkinci Qarabağ müharibəsi başladı. Ordu hissələrimiz düşmənin yaratdığı müdafiə sədlərini dağıdaraq mühüm mövqe qələbələri qazandı. Dövlətimiz torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi deyilənlərə əyani sübutdur. 27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. Əminik ki, bu Qələbə və Böyük Qayıdış prosesi dövlətimizin qüdrətini daha da artıracaq, müstəqilliyimiz və ərazi bütövlüyümüz daim uca tutulacaqdır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi